Difraksiya — fizikada mexaniki və elektromaqnit dalğalarının qarşılaşdığı bəzi maneələri aşaraq keçməsi hadisəsidir.
Maneələrlə qarşılaşdıqda dalğaların həndəsi yayılma istiqamətindən kənara çıxma (maneəni aşaraq onun arxasına keçməsi) hadisəsi dalğaların difraksiyası adlanır. Difraksiya latınca difractus – sındırılmış mənasındadır. Maneədən keçərək, dalğaların əvvəlki yayılma istiqamətindən meyletmə bucağı difraksiya bucağı adlanır.[1]
Difraksiya dalğaların kiçik aralıqlardan (yarıqlardan), maneələrdən və ya kəsik kənarlı yerlərdən keçməsi ilə yaranır. İşığın bu cür maneələrdən keçməsi zamanı əvvəlki yayılma istiqamətindən meyletməsi işığın dalğa təbiətli olmasını ortaya çıxardır. Su, səs, işıq və ya radiodalğalar kimi istənilən dalğa növündə bu hadisə baş verə bilir. Difraksiyaya ən sadə misal bir borunun içinə danışıldığı zaman borunun digər ucundan çıxan səsin bütün istiqamətlərdə yayılmasıdır, baxmayaraq ki, bağ xortumundan çıxan su düz xətt istiqamətində yayılır.
Difraksiya sınma ilə qarışdırılmamalıdır; dalğalar fərqlı sıxlığa malik mühitlərdə fərqli sürətlərlə hərəkət edirlər, dalğa yayılma sürəti fərqli olan bir mühitə keçdikdə sınma baş verir. Difraksiyanın yaranması üçün dalğanın keçəcəyi aralığın ölçüsü dalğanın dalğa uzunluğunu tərtibində və ya ondan kiçik olmalıdır.
Əksər optik cihazlar işığın difraksiyası hadisəsinə əsaslanır. Rentgen şüalarının difraksiyası müxtəlif təyinatlı cihazlarda istifadə olunur.[2]