Ferekid | |
---|---|
Doğum tarixi | təq. e.ə. 580 |
Doğum yeri |
|
Vəfat tarixi | təq. e.ə. 499 |
Tanınmış yetirməsi | Pifaqor[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Siroslu Ferekid ya da Ferekides (yun. Φερεκύδης, təxminən m. ö. 584 – 499) — qədim yunan düşünürü idi. Bəzi yazarlar onu Yeddi yunan müdriklərindən biri hesab edirdilər. O, finikiyalılardan elm öyrənmiş[2], sonra yunanların "yeddi müdriklərindən" biri olan Pittakın öyrəncisi olmuşdur[3]. O, orfizmə çox yaxın idi. Ferekid "Beş kitab" (yun. Πεντέμυχος) adlanan əsərində öz teoqoniya və kosmologiyasını vermişdir. Onun əsərlərindən bəzi fraqmentləri günümüzə gəlib çatmışdır. Ferekid həm də Pifaqorun müəllimi olmuşdur.
"Beş kitab"da tanrıların və dünyanın yaranması təsəvvürləri Hesiodun "Teoqoniya"sından fərqlənir. Ferekid antik dünya təsəvvürlərini sadələşdirmək fikrinə düşmüşdür. Bunun üçün o, bir çox tanrıları bir-biri ilə eyniləşdirərək və adlarına yeni məzmun gətirərək onların sayını azaltmışdır. Bu da mifə əsaslanan yunan dünyagörüşünün böhrana uğramasının göstəricisi idi.
Hesioda görə hər şeyin başlanğıcında sularla eyniləşdirilən Qarışıqlıq (Xaos) durur. Feredid isə dünyanın başlanğıcını maddə ilə deyil, tanrılarla bağlayırdı. Belə ki, Zas (Zevs) – Xtonia (Qaia) – Kronos (zaman) üçlüyü əbədi olmuş, yaradılmamışdırlar[4]. Burada Zevs həm də məhəbbət təcəssümü olan Erosla eyniləşdirilir[5]. Onlar birlikdə vəhdət təşkil edən ilk tanrılardır. Bu üçlük hava, su və odu yaratmışdırlar. Sonra bu ünsürlərdən tanrılar, yarıtanrılar, demonlar və başqa mifoloji varlıqlar yaranmışdır. Qeyd edilən tanrılar, yarıtanrılar və demonlar ikinci dərəcəlidirlər. Bir zaman qara qüvvələr Zevsa qarşı üsyan etmiş, ancaq yenilərək tartarusa atılmışdırlar[6]. Zevs isə Olimpdə baş tanrı olaraq möhkəmlənmişdir.
Ferekid həm də ruhun ölməzliyini, onun bir bədəndən başqasına köçməsini iddia edirdi[7].