Meliorasiya

Meliorasiyan işləri

Meliorasiya (lat. melioratio - yaxşılaşdırmaq) — torpaqların faydalı istifadəsi üçün yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir.Tətbiq sahəsinə görə meliorasiya üç əsas qrupa bölünür:

  1. Su rejimi əlverişli olmayan torpaqların meliorasiyası - Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası. Buraya izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya) daxildir.
  2. Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor, ağır gilli, lilli) torpaqların meliorasiyası. Bu qrupa şor torpaqların duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi meliorasiyası daxildir.
  3. Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların meliorasiyası. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin meliorasiyası.

Qurutma, duzsuzlaşdırma və kimyəvi meliorasiyası da əsas mübarizə tədbiri ərazinin drenlənməsi, suvarma meliorasiyasında isə əsas tədbir suvarma şəbəkəsinin yaradılması və onun su mənbəyinə birləşdirilməsidir. Hər iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki, fitomeliorasiya və hidrotexniki üsullarla aparılır. Azərbaycan Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə şor olan, suvarılmalı, şorakətli, qurudulmalı və su eroziyasına qarşı mübarizə aparmalı torpaq vardır. Respublikada müxtəlif drenlər, Ceyranbatan, Sərsəng, Ağstafa, Xanbulançay, Xaxınçay, Arpaçay, Bəhramtəpə su anbarları və qovşaqları tikilib istifadəyə verilmişdir. Muğan-Salyan, Mil-Qarabağ, Şirvan, Şabran-Xaçmaz zonalarında 100 min hektarlarla ərazi suvarılaraq duzsuzlaşdırılmış və kənd təsərrüfatı üçün yararlı hala salınmışdır[1].

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Developed by StudentB