Personalizm

Personalizm (lat.persona-şəxsiyyət)-Şəxsiyyəti ilkin reallıq və ali ruhi sərvət, bütün aləmi isə ali şəxsiyyətin (Allahın) yaradıcı fəallığının təzahürü hesab edən cərəyan. P. Leybnitsin monadologiyası ilə ilə əlaqədardır və XIX əsrin sonu XX əsrin əvvələrində yaranmışdır. Aləmin elmi-materialst anlayışına qarşı çıxan personalizmin konsepsiyasına görə təbiət ruh-"şəxsiyyətlərin" məcmusundan ibarətdir (Plüralizm), "Ali şəxsiyyət"-hər şeyə qadir Allahdır (Teizm). B. Boun, R. Flüellinq, E. Braytmen, E. Munye, J. Lakrua bu cərəyanın görkəmli nümayəndələri hesab olunurlar.

Personalizmin formalaşması XIX əsrin sonunda Rusiya və ABŞ-də başlamışdır. Personalist fəlsəfənin əsas prinsipləri N. A. Berdyayev və L. Şestov tərəfindən formulə edilmişdir. Sonralar isə həmin ideyalar N. O. Losskinin, S. N. Bulqakovun, A. Belının, Vyaç. İvanovun yaradıcılığında öz əksini tapmışdır. Personalizmin Fransada yayılması həmin cərəyanın inkişafında xüsusi mərhələni təşkil edir. Onun ən böyük nümayəndəsi Emmanuel Munyedir (1905– 1950). İdealist monizm prinsipinə və Hegelin panlogizminə qarşı olaraq personalizm çoxluq ideyasını irəli sürür. Personalizm tərəfdarları çoxlu mövcudluqlar, şüur, iradə və şəxsiyyətlər haqqında danışırlar. Əqlə qarşı intuisiya durur. Dünyanı Ali person – Allah yaratmışdır və ona inkişaf etmək qabiliyyəti vermişdir.

İdrak sahəsində personalizm ənənəvi fəlsəfənin idrak subyektinin – insanın konkret təzahürləri ilə tam şəkildə antropoloji ümumiliyi ilə əvəz olunması zərurətindən çıxış etmişdir. Eləcə də subyektin fəal rolu qeyd olunur. Çünki yalnız yeganə fərdi təkrarolunmaz insan dərk edir. Ontoloji planda şəxsiyyət fundamental kateqoriyaya çevrilir, yalnız onun vasitəsilə əsas təzahür mümkündür. Burada iradi fəallıq mövcudluğun fasiləsizliyi ilə çulğaşır. Şəxsiyyət öz təcrübəsi ilə yeganə reallığı təşkil edir. Lakin şəxsiyyətin mənbəyi özündə deyil, Allahdadır. Elm bu vəziyyətdə dünyanın zənginlik və müxtəlifliyinə nail olmağa qadir deyildir. Elmdə insan həyatının düzgün yolunu göstərə biləcək etibarlı oriyentirlər tapmaq mümkün deyildir. Bu vəzifəni yalnız dini fəlsəfə yerinə yetirə bilər. Personalizm təlimində şəxsiyyət haqqında çoxlu maraqlı və müsbət momentləri vardır. Xüsusilə fərd və şəxsiyyət anlayışlarının fərqləndirilməsi cəhdi maraq doğurur. Bu təlimin səciyyəvi cəhətlərindən biri də iradə azadlığı haqqında ideyanın əsaslandırılmasıdır. Hələ ekzistensialistlərin əsərləri yayılmamışdan əvvəl cəmiyyət və şəxsiyyətin prinsipial düşmənçiliyi haqqında fikirlər personalizmdə mövcud idi.

XX əsrin birinci yarısında personalizm yeni prinsiplərlə inkişafa qədəm qoymuşdur. Fransız personalizminin banisi E. Munye marksizm və ekzistenisalizmin təsirini qeyd etmişdir. 1946-cı ildə çapdan çıxan "Personalizm nədir?" əsərində o yazırdı: "Biz maddi zərurətə və kollektivçilik sisteminə münasibətində insan şəxsiyyətinin birinciliyini təsdiq edən hər cür təlimi və hər cür sivilizasiyanı personalist təlim adlandırırıq". Qarşısına bitkin fəlsəfi təlim yaratmaq məqsədi qoymayan E. Munye şəxsi mövcudluq probleminin işlənməsinin məhsuldar üsullarını axtarmağa cəhd etmişdir. Bir sözlə, başqa XX əsr fəlsəfi cərəyanları kimi, şəxsiyyət problemi personalizmin əsas tədqiqat problemi olmuşdur.


Developed by StudentB