Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə ἀναιμία anaimia, "qan çatışmazlığı", prefiks ilə, ἀν- an-, "antonim-inkar şəkilçi" + αἷμα haima, "qan") — qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması. Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir.