Cozef Liklyayder

Cozef Liklyayder
Doğum tarixi
Vəfat tarixi

Cozef Liklyayder – Qlobal kompüter şəbəkəsinin konsepsiyasını və qlobal şəbəkə infrastrukturunu dünyada ilk dəfə yaratmış məşhur Amerika alimi.

Cozef Liklyayder 1915-ci ildə Sent-Lyuisdə dünyaya gəlmişdir. Vaşinqton Dövlət Universitetindəki təhsil illərində üç bakalavr diplomu (fizika, riyaziyyat və psixologiya üzrə) aldıqdan sonra psixologiya problemlərinə həsr edilmiş doktorluq dissertasiyası üzərində işləməyə başlayır. 1942-ci ildə Harvard psixoloji laboratoriyasında ABŞ hərbi hava qüvvələrinin tapşırığı ilə düşmən aviasiyasının hücumu zamanı yaranan səs-küy şəraitində hərbçilərin kommunikasiya texnikasının sazlanma sisteminin yaradılması probleminin həlli ilə məşğul olur. 1950-ci ildə C.Liklyayder Massaçusets Texnologiya İnstitutunda (MİT) işləməyə başlayır. MİT-də onun əsas fəaliyyət dairəsi insan qulağı və beyni tərəfindən adi hava rəqslərinin məlum səslərə çevrilməsi texnologiyasını işləmək idi. Psixoakustik problemlərlə yanaşı C. Liklyayder SAGE (Semi – automatic Grond Environment)- yerüstü yarımavtomatik vasitələr layihəsində də iştirak etmiş və ilk dəfə kompüter texnikası ilə maraqlanmışdır.

MİT-də aparılan psixoakustik tədqiqatlar böyük miqdarda informasyaların təhlil olunmasını və mürəkkəb riyazi hesablamalar aparılmasını tələb edirdi. Tədqiqat prosesi çox vaxt aparır, həm də ilkin verilənlərin tez-tez dəyişməsi ilə böyük həcmli hesablamaların təkrar olunması tələb olunurdu. 50-ci illərdə mövcud analoq tipli kompüterlər belə mürəkkəb hesablamaların aparılmasına imkan vermirdi. Bu səbəbdən C.Liklyayder belə nəticəyə gəlir ki, elmi axtarışlarını davam etdirmək üçün mütləq yeni hesablama vasitələri tətbiq etməlidir. Elə bu zaman o, diqqətini rəqəmli kompyuterlərin ilkin modelinə yönəldir.

1957-ci ildə C.Liklyayder maraqlı bir eksperiment qoyaraq, özünün iş gününü təhlil etməyi qərara alır. C.Liklyayder istəyir bilsin ki, materialların toplanması, emalı və qərarların qəbul edilməsinə onun nə qədər vaxtı sərf olunur. Apardığı tədqiqat nəticəsində o belə bir nəticəyə gəlir ki, bütün vaxtın 85%-i yeni informasiyaların toplanması, çeşidlənməsi, təhlili və qrafiklərin qurulmasına sərf edilir. Yalnız əlavə informasiyalar toplandıqdan və materiallar hazırlandıqdan sonra insan beyni az və ya çox dərəcədə düzgün qərar verməyə qadir olur. Alınmış nəticələr C.Liklyayderin kompüter texnologiyalarının yaxın gələcəkdə informasiyaların emalı prosesində insanların etibarlı köməkçisi olacağı haqqındakı inamını bir daha təsdiq edir.

C.Liklyayder əla başa düşürdü ki, interaktiv kompüterlər sadə yaddaş qurğularına nisbətən daha çox fayda verə bilər, nəinki sadəcə yaddaş qurğuları, lap elə böyük həcmli olsalar da belə. 1960-cı ildə C.Liklyayder öz ideyalarını "İnsan və kompüter simbiozu" adlanan monumental əsərində şərh edir. Bu əsərdə C.Liklyayder Norbert Vinner kimi insan və maşın simbiozunu qabaqcadan xəbər vermişdir. O, göstərmişdir ki, maşın bir sıra suallara tam cavab tapmağa imkan verə bilər: mürəkkəb prosesləri modelləşdirə, alınmış nəticələri qrafiki əks etdirə, hətta yeni variantlar üçün əvvəlki təcrübədən istifadə etməklə həllərin yeni variantlarını apara bilər. Yeni hesablama texnikası, insanın əvəzinə ən çətin əməliyyatları yerinə yetirmək, insan beyninin məhsuldarlığını kəskin sürətdə artırmaqla onu yorucu və faydasız işlərdən azad edə bilər.

1957-ci ildə C.Liklyayder Bolt Beranek and Newman (BBN) korporasiyasında işləməyə keçir və buraya bir qrup səriştəli kompüter mühəndislərini işə qəbul edir. Məhsuldar fəaliyyətin nəticəsi olaraq BBN akustik avadanlıqlar istehsal edən firmadan kompüter texnologiyaları üzrə məsləhətçi firmaya çevrilir. 1968-ci ildən BBN gələcək ARPANET şəbəkəsi üçün ilk kommutator istehsal edəcək tenderdə qalib olur. C.Liklyayderin fikrinə görə 50-ci illərin sonunda kompüterlərin gücü kifayət edirdi ki, V.Buşun 40-cı illərdə qabaqcadan dediyi, verilənlər bazasında (o vaxtlar avtomatik kitabxana adlanan) böyük həcmli informasiyaları yadda saxlasın. 1959-cu ildə C.Liklyayder "Gələcəyin kitabxanası" ("Libraries of the Future") kitabını nəşr etdirir. Bu kitabda mikrokompüterdə verilənlər bazasının yaradılması və eyni zamanda məsafədən bir neçə istifadəçinin bu bazadan istifadə etməsi texnologiyası ətraflı şərh edilmişdir. 60-cı illərin əvvələrində C.Liklyayderi kompüterlərin vahid şəbəkədə birləşdirilməsi və paylanmış resurslardan birgə istifadə edilməsi sualı ciddi düşündürməyə başlayır. 1962-ci ildə ARPA-nın direktoru D.Runun təklifi ilə C.Liklyayder ARPA-da iki departamentə rəhbərlik etməyə başlayır. Sonralar bu departamentlər informasiyanın emal üsulları bürosu İPTO – (İnformation Processinq Technigues Office) adı altında birləşirlər. Əlavə stimul kimi, yeni departamentə ABŞ hərbi hava qüvvələrinə məxsus, sonradan ARPA agentliyinə verilmiş, o vaxtlar ən güclü Q-32 kompüterindən istifadə etmək icazəsi verilir. 1962-ci ildə C.Liklyayder V.Klarkla birlikdə "On-Line Man Computer Communication" əsərini nəşr etdirir. Bu əsər gələcək qlobal internet şəbəkəsinin yaradılması üçün ciddi nəzəri əsasları şərh edən ilk iş kimi qiymətləndirilir. Burada çoxsaylı kompüterin vahid qlobal şəbəkədə birləşdirilməsi, hər bir istifadəçiyə şəbəkəyə qoşulmaqla digər kompüterlərdə yerləşdirilmiş proqram məhsulları və ya verilənlər bazasından istifadə edilməsi üçün model təklif edilmişdir. Beləliklə, C.Liklyayder Yer kürəsini əhatə edən müasir qlobal kompüter şəbəkəsinin konsepsiyasını işləyib hazırlayan ilk alim kimi tarixə düşür.

1962-ci ildə ARPA-da İPTO bürosuna direktor keçdikdən sonra C.Liklyayder ABŞ-nin aparıcı kompüter mərkəzləri ilə kontakt yaradaraq gələcək şəbəkənin yaradılması üçün ümumi səylərin birləşdirilməsinə çalışır. C.Liklyayder formalaşdırdığı komandanı zarafatla, "Qalaktikalararası kompüter şəbəkəsini" yaradan qrup adlandırırdı (İnter Qalaktic Computer Network).

Bu mütəxəssislərin çoxu gələcək ARPNET şəbəkəsinin yaradılmasında iştirak etmişlər. 1963-cü ildə C.Liklyayder "Qalaktikalararası kompüter şəbəkəsi qrupu üçün qeydlər" adı ilə bir sıra məqalələr nəşr etdirir. Bu məqalələrdə gələcək inteqral şəbəkənin yaradılması üçün təcrübi mülahizələri şərh etmişdir. C.Liklyayder gələcək şəbəkənin yaradılması üçün iki əsas problemin üzərində ətraflı dayanırdı. Bunlardan birincisi, ayrı-ayrı qovşaqların bir-birindən kifayət qədər uzaqda olması, ikincisi isə birləşə biləcək kompüterlərin əməliyyat sistemlərinin müxtəlif olması, yaxud birgə fəaliyyət göstərə bilməməsi idi. C.Liklyayder yalnız şəbəkədə mövcud olan proqram təminatından istifadə olunmasını təklif edir və bundan şəbəkəyə qoşulan istənilən maşının istifadə edəcəyinin mümkünlüyünün təmin edilməsinin vacib olduğunu göstərirdi. Qeyd edək bu nəzəri ideya bir neçə on il keçdikdən və java dili yaradıldıqdan sonra reallaşmışdır.

ARPA agentliyində ilkin proqram təminatının yaradılmasına rəhbərliyi zamanı C.Liklyayder öz ideyalarının düzgün və vacib olmasını A.Sazerland və B.Teylora, eləcə də MİT-dən olan tədqiqatçı L.Robertsə də inandıra bilmişdi. 1964-cü ildə C.Liklyayder İPTO-nu tərk edir və İBM-də işləməyə başlayır. 1968-ci ildə isə yenidən Massaçusets Texnologiya İnstitutuna qayıdır. Həmin il o, R.Teylorla birlikdə "Science and Technology" jurnalında "Kompüter kommunikasiya cihazı kimi" məqaləsini dərc etdirir ("The Computer as a Communikation Device"). 1973-cü ildə o, rəhbərlik etmək üçün yenidən İPTO-ya qayıdır və 1979-cu ildə infokom şirkətinin əsasının qoyulmasında iştirak edir.

C.Liklyayder 1990-cı ildə dünyasını dəyişmişdir.


Developed by StudentB