Fiziki kimya — Fizika və Kimyaya aid bütün ümumi qanunları öyrənir. Fiziki kimyada kimyəvi təsirləri öyrənən zaman kimya və fizikanın həm nəzəri, həm də eksperimental metodlarından istifadə edilir. Fiziki kimya elmi kimyəvi proseslərin mahiyyətini öyrənir. Kimyəvi reaksiyalar fiziki proseslərlə - istilikkeçirmə, istiliyin udulması və ya ayrılması, işığın udulması və şüalanması, elektrik hadisələri, həcmin dəyişməsi və s. ilə əlaqədardır. Məsələn, hər-hansı bir kimyəvi reaksiyada sistemi əmələ gətirən maddə molekullarının qarşılıqlı təsiri nəticəsində xarici mühitə enerji verilir və ya xaricdən enerji udulur. Buxarlanma və sublimasiya proseslərində, eləcə də, müxtəlif parçalanma reaksiyalarında maddənin temperaturunun artması molekul hissəciklərinin intensivləşməsinə və beləliklə də, molekulda atomlar arasındakı kimyəvi rabitənin zəifləməsinə və nəhayət onların parçalanmasına səbəb olur.
Qalvanik elementlərdə elektrodlarda gedən oksidləşmə-reduksiya prosesləri elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Yüksək temperaturlarda bərk maddələrin səthində adsorbsiya və desorbsiya prosesləri nəticəsində hidrogenləşmə, dehidrogenləşmə, izomerləşmə, polimerləşmə və s. reaksiyalar gedir. Bütün bu hallarda fiziki və kimyəvi proseslərin sıx əlaqəsi, onların qarşılıqlı təsiri meydana çıxır. Fiziki kimya, məhz belə qarşılıqlı əlaqələrlə yanaşı müxtəlif kimyəvi çevrilmələrin ümumi qanunauyğunluqlarını, kimyəvi tarazlıq qanunlarını, maddələrin quruluşu və xassələrinə dair nəzəriyyələri, kimyəvi hadisələrin və proseslərin əsaslarını öyrənir.[1]