Parlament (ing. parliament, fr. parlement, parler — "danışmaq" kəliməsindən) — hakimiyyət bölgüsü mövcud olan dövlətlərdə ali səlahiyyətli və qanunverici orqan. Bu gün dünyanın əksər ölkələrində parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da, parlamentlərin funksiyası bütün ölkələrdə oxşardır. Struktur etibarilə müasir parlamentlər bir və iki palatalı olur. Tarixdə 3 və 4 palatalı parlamentlərə də rast gəlinir (CAR, Fransa). Lakin bu tip parlamentlərin fəaliyyəti uzun sürməyib. Çünki çoxpalatalı sistem qanunun qəbul olunması prosesini uzadır, bürokratiya dərinləşir və operativlik azalır. Buna görə də 21-ci əsrdə parlamentlər maksimum 2 palatadan ibarətdir. Aşağı palata qanun layihəsini işləyib hazırlayır. Burada qəbul edilmiş qanun layihəsini yuxarı palata təsdiq etməlidir.