Qan — orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir.
Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin (hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.