Universitet (lat. Universitas – birgəlik, ümumilik), köhnə mənbələrdə Darülfünun[1][2] — ali məktəb olub konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğuldur. Bundan əlavə universitetlərdə elmi işlər də aparılır. Müasir universitetlər elmi pedaqoji vəhdət kimi fəaliyyət göstərirlər, onların nəzdində bir neçə ixtisas üzrə tədris işlərini həyata keçirən fakültələr olur. Universitetlər tədris planlarının hazırlanmasında və həyata keçirilməsində, elmi işlərin aparılmasında sərbəstliyə və akademik dərəcələrin (diplom və doktor dərəcələrinin) verilməsində üstünlüklərə malikdirlər. Azərbaycanda universitetlərin strukturu keçmiş SSRİ-də yaradılmış və bu günə kimi qalmaqdadır. Bu xarici ölkələrdə olanlardan nisbətən fərqlidir.