Windows 11 | |
---|---|
Yaradıcı | Microsoft |
İstehsalçı | Microsoft |
ƏS ailəsi | Microsoft Windows |
Bazası | Windows 10 |
Mənbə kodu | Qapalı qaynaq kodlu, Mənbə mövcuddur (paylaşılan mənbə təşəbbüsü ilə), Bəzi komponentlərdə açıq mənbə[1][2][3][4] |
Buraxılış tarixi | 4 oktyabr 2021[7] |
Son versiya | |
Yenilənmə üsulu | Microsoft Store[d] |
Son hazır versiya | 10.0.22000.588 — 15 mart 2022 |
Dəstəklənən dillər | 110 dil[5] |
Dəstəklənən platformalar | x86_64[d], ARM[d] |
Nüvə tipi | Hibrid nüvə (Windows NT nüvəsi, Linux nüvəsi[6]) |
İnterfeys | Windows shell (qrafiki) |
Lisenziya | istifadəçi razılaşması[d] |
Veb-saytı | microsoft.com/en-us/wind… |
Vikianbarda əlaqəli mediafayllar |
Windows 11 — "Microsoft" korporasiyası tərəfindən hazırlanmış "Windows NT"nin əsas versiyası. 5 oktyabr 2021-ci ildə buraxılmışdır. Əvvəlki "Windows 10" (2015) üçün ödənişsiz yeniləmə kimi "Windows 11" sistem tələblərinə cavab verən istənilən "Windows 10" cihazları üçün mövcuddur. Bu əməliyyat sistemini sistem tələblərinin məhdudiyyətlərini yan keçərək dəstəklənməyən cihazlarda da quraşdırmaq mümkündür.
"Windows 11"də "Windows shell"ə əsaslı dəyişikliklər tətbiq edilmişdir. Bu dəyişikliklərə ləğv edilmiş "Windows 10X" təsir göstərmişdir. Xüsusiyyətlərə yenidən işlənmiş start menyusu, tapşırıqlar panelinin "canlı plitələr"in ayrıca "Vidjetlər" paneli ilə əvəz edilməsi, qrup şəklində tapşırıqlar panelindən minimuma endirilə və bərpa oluna bilən kirəmitli pəncərə dəstləri yaratmaq imkanı daxildir. Bundan əlavə, "Xbox Series X" və "Series S"dən uyğun avadanlıqlarda avtomatik HDR və "DirectStorage" kimi yeni videooyun texnologiyaları mənimsənilmişdir. "Internet Explorer" (IE) standart veb brauzer olaraq "Chromium" əsaslı "Microsoft Edge" ilə əvəz edilmişdir. "Microsoft Teams" tətbiqi "Windows shell"ə inteqrasiya olunmuşdur. "Microsoft" həmçinin, "Microsoft Store" vasitəsilə paylana bilən proqram təminatında daha çox çeviklik yaratmağı və "Windows 11"də "Android" proqramlarını dəstəkləməyi planlaşdırdığını açıqlamışdır.
"Windows 11" üçün sistem tələbləri təhlükəsizlik mülahizələrinə əsas gətirilərək "Windows 10" ilə müqayisədə artırılmışdır. "Microsoft" yalnız səkkizinci nəsil "Intel Core CPU" və ya daha yeni (bəzi kiçik istisnalarla), ikinci nəsil "AMD Ryzen CPU" və ya daha yeni, "Qualcomm Snapdragon 850 ARM system-on-chip"dən istifadə edən cihazlarda əməliyyat sistemini rəsmi olaraq dəstəkləyir. UEFI və "Trusted Platform Module" (TPM) 2.0 dəstəklənməli və aktivləşdirilməlidir (baxmayaraq ki, "Microsoft" OEM-lər üçün TPM 2.0 tələbinə istisnalar edir). Əməliyyat sistemini dəstəklənməyən prosessorlarda quraşdırmaq mümkündür, lakin "Microsoft" yeniləmələrin burada mövcud olmasına zəmanət vermir. "Windows 11" 32-bit x86 və 32-bit ARM CPU və BIOS proqram təminatından istifadə edən cihazlar üçün dəstəyi aradan qaldırmışdır.
"Windows 11" tənqidçilərdən olduqca müsbət rəylər almışdır. Buraxılışından əvvəl əməliyyat sistemi haqqında mətbuatda dərc olunan yazılar onun daha sərt aparat tələblərinə yönəlmişdi. Müzakirələr bu tələblərin faktiki olaraq "Windows"un təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıdığı, yoxsa müştərilərə yeni cihazları daha rahat satmaq üçün istifadə edilən bir hiylə kimi olub-olmaması ilə bağlı idi. Dəyişikliklərlə bağlı elektron tullantılar da müzakirə mövzusu olmuşdur. "Windows 11" buraxıldıqdan sonra vizual dizaynın təkmil formaya salınması, pəncərə idarəetməsi və təhlükəsizliyə daha çox diqqət yetirdiyi üçün təriflənmişdi. Buna baxmayaraq, istifadəçi interfeysinin aspektlərinə edilən müxtəlif dəyişikliklərə görə tənqid olunmuşdur, bunun əvvəlki versiyasından daha pis göründüyü düşünülmüşdür. Bu dəyişikliklərdən bəziləri istifadəçiləri rəqib tətbiqlərə keçməkdən çəkindirmək cəhdi kimi qiymətləndirilmişdir.[11]
2023-cü ilin iyul ayına olan məlumata görə, "Windows 11" dünya üzrə 24% istifadə ilə ikinci ən populyar "Windows" versiyasıdır.[12][13] Onun əvvəlki versiyası olan "Windows 10"un bazar payı üç dəfə çoxdur. Bütün fərdi kompüterlərin təxminən 16%-nə (qalanı digər "Windows" buraxılışları, həmçinin "macOS" və "Linux" kimi digər əməliyyat sistemləridir) və bütün cihazların (mobil, planşet və konsol) 7%-i[14] "Windows 11" ilə işləyir.