Populyasiya

Populyasiya (lat. populus – xalq, əhali) — müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının (cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də Populyasiyası vardır. Populyasiyanın mühüm xüsusiyyəti fərdlərlə tənzim olunmasıdır. Populyasiya daxilində ərazi və qida əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin genetik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması Populyasiyada davamlı struktur yaradır. Populyasiyaya daxil olan fərdlərin sayı çox dəyişə bildiyi üçün onun strukturu dinamikdir. Buna görə də Populyasiyanın tutduğu sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə Populyasiyanın ən çox əlverişli sayına onun homeostazı deyilir. Populyasiya öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır. Populyasiyalar sayına və strukturuna təsir göstərərək biogeosenozun dinamikasına səbəb amilə çevrilir. Beləliklə, ayrı-ayrı fərdlərin mühitə uyğunlaşma qabiliyyətinə nisbətən populyasıyanın uyğunlaşma imkanı genişdir. Özündə çoxlu populyasiya birləşdirən növün uyğunlaşma imkanı isə daha çoxdur[1].

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Developed by StudentB